Erdogan: “İşğal aradan qaldırılmasa, Türkiyə-Ermənistan sərhədləri açıla bilməz”

irt

Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. Görüş və danışıqlardan sonra İ. Əliyev və R. T. Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Azərbaycan prezidenti İ. Əliyev ikitərəfli münasibətləri, iqtisadi əlaqələrin mövcud durumu və perspektivlərini, enerji məsələsini, bölgədəki vəziyyəti və Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etdiklərini açıqlayıb. İki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan İ. Əliyev Azərbaycan və Türkiyə xalqlarının qardaşlığına diqqət çəkib: “Azərbaycan-Türkiyə əlaqələri böyük tarixə malikdir və çoxşaxəlidir. Biz həm bu əlaqələrin inkişafı, həm də bölgədə sülh əldə edilməsi üçün birgə səylər göstəririk, beynəlxalq məsələlərlə bağlı birgə mövqedən çıxış edirik. Biz istəyirik ki, bölgədə sülh nə qədər mümkündürsə, o qədər tez əldə olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, bölgədə əməkdaşlıq genişlənsin. Çox səmimi söhbət oldu, bir çox məsələyə aydınlıq gətirildi və mən bundan çox razıyam. Gələcək əməkdaşlıq və birgə fəaliyyət üçün gözəl imkan yarandı”.

Oxumağa davam et

“IRƏLI” Ermənistanla sərhdələrin achılması ilə bağlı Türkiyənin aparıcı partiyaları və gənclər təşkilatları rəhbərlərinə müraciət ünvanlayıb

89

Müraciətdə deyilir ki, Ermənistanla sərhədlərin açılması «Bir millət, iki dövlət» prinsipi ilə möhkəmləndirilmiş münasibətlərə mənfi təsir göstərə bilər

“İRƏLİ” İctimai Birliyi “Ermənistanla sərhədlərin açılması məsələsi” ilə bağlı Türkiyənin aparıcı partiyaları və gənclər təşkilatları rəhbərlərinə sorğu – müraciət ünvanlayıb. ANSPRESS-in məlumatına görə, sorğu-müraciətin mətni aşağıdakı kimidir.

“Artıq xeyli müddətdir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı söhbətlər ictimaiyyət arasında geniş yayılıb. Azərbaycan ictimaiyyəti ortaya çıxdığı ilk vaxtlarda bütün bu məsələlərin sadəcə bir söz-söhbət olduğunu düşünürdü. Ancaq vaxt keçdikcə bu söz-söhbətlər genişlənməyə, hətta mətbuat səhifələrinə çıxmağa başladı. Türkiyəli siyasətçilər dəfələrlə belə bir məsələnin gündəmdə olmadığını desələr də, hadisələrin gedişi Azərbaycan ictimaiyyətində haqlı narahatçılıqlar doğurmağa başladı.

Azərbaycanla Türkiyə tarixi köklərlə bir-birinə bağlı olan iki qardaş dövlətdir. Təsadüfi deyil ki, hələ müstəqilliyini yenicə qazandığı bir vaxtlarda Azərbaycan və Türkiyə rəhbərliyi “Bir millət, iki dövlət” ifadəsini işlədərək dövlətlərimiz arasında olan yaxın münasibətlərə işarə ediblər. Bu gün baş verən bu hadisələr isə heç şübhəsiz ki, bu münasibətlərin zədələnməsinə, türk dünyasının öndə gedən iki təmsilçisi olaraq Türkiyə və Azərbaycanın bölgədə və dünyadakı nüfuzunun zəiflədilməsinə istiqamətlənmiş addımlardır. Oxumağa davam et

BƏYANAT

İRƏLİ İctimai Birliyinin
31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı

BƏYANATI

XIX əsrin əvvəllərindən başlayaraq kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülmüş ermənilər həmin yüzilliyin sonlarından etibarən “böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədi ilə Azərbaycan ərazilərində zaman-zaman terror aktları törədiblər. Erməni terroru nəticəsində hələ 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda minlərlə azərbaycanlı qətlə yetirilib.

XX əsrin sonlarında keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyondan çox insan öz doğma yurd-yuvasından didərgin salınıb, 20 min nəfər qətlə yetirilib, torpaqlarımızın 20 faizi işğal olunub. Beynəlxalq birliyin hadisələrə laqeyd və etinasız münasibəti nəticəsində azğınlaşan təcavüzkar Ermənistan daha böyük cinayət – Xocalı soyqırımını törədib.

Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti Azərbaycan xalqının başına gətirilən zorakılığa obyektiv hüquqi-siyasi qiymət verilməli, cinayətkarlar öz cəzasını almalıdır.

Bütün bunların müqabilində bəzi dövlətlərin və beynəlxalq təşkilatların XX əsrin əvvəllərində baş verdiyi iddia olunan, lakin heç bir tarixi faktla təsdiqlənməyən uydurma “erməni soyqırımı” ilə bağlı qərarlar qəbul edib. Azərbaycan gəncliyinin nümayəndələri olaraq bu addımı pislədiyimizi bəyan edirik. Bildirmək istəyirik ki, heç bir əsası olmayan sənədlərlə guya soyqırıma məruz qaldığını sübuta yetirməyə çalışan Ermənistanın törətdiyi əməllərə dünya birliyi layiqli cavab verməlidir.

İRƏLİ İctimai Birliyi olaraq bütün dünya dövlətlərini haqq-ədalətin bərpası üçün daha obyektiv qərarlar qəbul etməyə, bu tarixi ədalətsizliyə son qoymağa, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktlarına hüquqi və siyasi qiymət verməyə çağırırıq.

781

P.S. Və məhz bu gün 31 mart 2009-cu il tarixində Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “İrəli” İctimai Birliyi “Azərbaycan” kinoteatrının qarşısından başlayaraq soyqırımı tanımayan ölkələrin səfirlikləri qarşısında “Bu bir soyqırımdır” devizi altında aksiya keçirməyi planlaşdırsa da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən buna icazə verilmədi.

Tədbirin keçirilməsinə rəsmi icazə olmadığına görə, “İRƏLİ” İctimai Birliyi Fransa, Almaniya, Rusiya, Yunanıstan, Litva, İtaliya, Polşa da daxil olmaqla 8 ölkə səfirliyinə yuxarıda oxuduğunuz bəyanatları payladı.